İcbari təlim çərçivəsində namizədlər Sumqayıt məhkəmə kompleksində iştirak ediblər

İcbari təlim proqramı çərçivəsində 2025-ci ildə prokurorluq orqanlarında ilk dəfə qulluğa qəbul olunan namizədlər 7 yanvar 2026-cı il tarixində Sumqayıt məhkəmə kompleksinin fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində namizədlərə kompleksdə fəaliyyət göstərən birinci instansiya, inzibati, kommersiya, ağır cinayətlər məhkəmələri, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsının səlahiyyət və funksiyaları barədə ümumi məlumat verilib. Namizədlər məhkəmə zallarında proseslərə “Elektron məhkəmə” informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi, eləcə də “Femida” sistemi ilə tanış olublar.
Görüş zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin sədri namizədlərlə görüşərək məhkəmə-prokurorluq münasibətlərinin qarşılıqlı hörmət və qanunçuluq prinsipləri əsasında qurulmasının əhəmiyyətini vurğulamış, hüquq-mühafizə və məhkəmə orqanları arasında formalaşmış əməkdaşlığı yüksək qiymətləndirmişdir.

Eyni zamanda, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli çıxış edərək bu cür tanışlıq səfərlərinin namizədlərin məhkəmə sisteminin fəaliyyəti barədə praktiki təsəvvürlərinin formalaşmasına və peşə hazırlığının gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd etmişdir.