2025-ci ildə prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün icbari təlimin üçüncü həftəsi başa çatıb
2025-ci ildə prokurorluq orqanlarında ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün nəzərdə tutulmuş icbari təlim proqramının üçüncü həftəsi başa çatıb.
Təlim çərçivəsində prokurorluq əməkdaşları tərəfindən kriminalistik işin təşkili, hadisə yerinə və meydanına baxışın aparılması, partlayış və yanğın hadisələri üzrə baxışın xüsusiyyətləri, dini radikalizmlə mübarizə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və sağlamlığa ağır zərər vurma cinayətlərinin istintaq xüsusiyyətləri və digər aktual mövzular üzrə çıxışlar edilmişdir.
Eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının peşəkar əməkdaşları tərəfindən yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizası, audio və video materialların məhkəmə ekspertizası, ekspertizanın aparılması üçün eksperimental və sərbəst nümunələrin təqdim edilməsi, məhkəmə fiziki-kimyəvi, trasoloji və digər ekspertiza növlərinin müasir imkanlarına mövzularda çıxışlar edilmişdir. Həmçinin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiyanın peşəkar nümayəndələri tərəfindən məhkəmə tibbi ekspertiza sahəsində maraqlı çıxışlar dinlənilmişdir.
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini, hüquq elmləri doktoru Mirəli Kazımov “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün strategiya” mövzusunda çıxış edərək dövlət siyasətində rəqəmsal transformasiyanın hüquqi və institusional əsaslarına toxunmuşdur.
Avropa Şurasının İşgəncələr əleyhinə Komitəsinin üzvü, hüquq üzrə elmlər doktoru Ceyhun Qaracaev “Səmərəli cinayət araşdırması: CPT standartları və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları” mövzusunda çıxış edərək beynəlxalq standartların tətbiqi və praktiki mexanizmlər barədə ətraflı məlumat vermişdir.
Bununla yanaşı, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin baş direktoru, tibb üzrə fəlsəfə doktoru Tural Rzayev “Məhkəmə psixiatrik ekspertizasının müasir imkanları, təşkili və keçirilməsi” mövzusunda çıxış etmişdir. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov isə “Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda təqdimatla ilə çıxış etmişdir.
Təlim proqramı çərçivəsində namizədlər Azərbaycan Prokurorluğunun Muzeyi ilə yaxından tanış olmuş, prokurorluq orqanlarının tarixi inkişaf mərhələləri barədə ətraflı məlumat əldə etmişlər.
Qeyd edək ki, icbari təlim proqramının üçüncü həftəsi namizədlərin nəzəri biliklərinin və praktiki bacarıqlarının dərinləşdirilməsinə, məhkəmə-istintaq və ekspertiza sahələrində peşəkar yanaşmaların formalaşdırılmasına xidmət etmişdir.

