2025-ci ildə prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün icbari təlimin ikinci həftəsi başa çatıb

2025-ci ildə prokurorluq orqanlarında ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün nəzərdə tutulmuş icbari təlim proqramının ikinci həftəsi başa çatıb. Təlimin ikinci həftəsi ərzində namizədlər üçün prokurorluq fəaliyyətinin praktiki, psixoloji, insan hüquqları və məhkəmə təcrübəsi aspektlərini əhatə edən müxtəlif aktual mövzular üzrə tədris aparılmışdır.
Tədris proqramı çərçivəsində prokurorluq orqanlarının yüksək ixtisaslı və peşəkar əməkdaşları ilə yanaşı, akademik və müstəqil ekspertlərin iştirakı ilə çıxışlar təşkil edilmişdir. Belə ki, Milli Məclisin deputatı Kamal Cəfərov “Korrupsiyaya qarşı mübarizədə Azərbaycan modeli” mövzusunda çıxış edərək bu sahədə həyata keçirilən institusional və hüquqi mexanizmlər barədə ətraflı məlumat vermişdir.
Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Yəmən Vəliyeva “Dindirmənin psixoloji tərəfləri” mövzusunda çıxış edərək istintaq prosesində psixoloji yanaşmaların əhəmiyyətini izah etmişdir. Həmin kafedranın saat hesabı müəllimi David Poladov isə “Təzyiq altında qərarvermə: insan psixologiyası və süni intellekt dəstək sistemlərinin təhlili” mövzusunda çıxış etmişdir.
Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi, hüquq və fəlsəfə doktoru, dosent Səyyad Ağayev “Yetkinlik yaşına çatmayanların iştirakı ilə istintaq və digər prosessual hərəkətlərin keçirilməsinin xüsusiyyətləri” mövzusunda çıxış edərək bu kateqoriyadan olan şəxslərlə aparılan prosessual fəaliyyət zamanı hüquqi və psixoloji yanaşmaların vacibliyini diqqətə çatdırmışdır.
Məhkəmə təcrübəsi ilə bağlı olaraq, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması” mövzusunda, Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli “Azadlıq hüququnun məhdudlaşdırılması, həbs qətimkan tədbirinin seçilməsi: milli və beynəlxalq aspektlər” mövzusunda, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev isə “Ədalətli məhkəmə araşdırması və Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarlar” mövzusunda çıxış etmişdirlər.
Həmçinin, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov “Birləşmiş Millətlər Təşkilatının insan hüquqlarının müdafiəsi mexanizmləri” mövzusunda çıxış edərək beynəlxalq hüquqi müdafiə vasitələri barədə ətraflı məlumat vermişdir.
Qeyd edək ki, icbari təlim proqramının ikinci həftəsi namizədlərin peşəkar biliklərinin dərinləşdirilməsinə, psixoloji hazırlığının gücləndirilməsinə, insan hüquqları və məhkəmə-istintaq təcrübəsinə dair anlayışlarının artırılmasına xidmət etmişdir.