İcbari təlim çərçivəsində namizədlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında simulyasiya xarakterli kriminalistik dərslərdə iştirak ediblər
2025-ci ildə prokurorluq orqanlarında ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün nəzərdə tutulmuş icbari təlim proqramı çərçivəsində namizədlər 22.12.2025-ci il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında simulyasiya xarakterli kriminalistik dərslərdə iştirak ediblər.
Tədbiri salamlayaraq açan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəhbəri Canpolad Daanov çıxış edərək Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə formalaşmış səmərəli əməkdaşlığı yüksək qiymətləndirmiş və bu əməkdaşlığın gələcəkdə də davamlı xarakter daşıyacağını vurğulamışdır.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli mövcud olan əməkdaşlığı yüksək qiymətləndirmiş, Polis Akademiyasında keçirilən simulyasiya xarakterli kriminalistik dərslərin namizədlərin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsində, istintaq təcrübəsinin formalaşdırılmasında və gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rol oynadığını qeyd etmişdir.
Tədris səfəri çərçivəsində namizədlər Polis Akademiyasında kriminalistika kafedrasının fəaliyyəti, kriminalistik işin təşkili, cinayətlərin açılmasında istifadə olunan müasir metod və vasitələr, habelə istintaq hərəkətlərinin praktik icrası ilə bağlı əyani şəkildə tanış olublar. Simulyasiya dərsləri zamanı hadisə yerinə baxışın aparılması, maddi sübutların aşkar edilməsi, götürülməsi və sənədləşdirilməsi və digər məslələr nümayiş etdirilib.
Simulyasiya otaqlarında real istintaq şəraitinə maksimum yaxın mühit yaradılmaqla, namizədlərin kriminalistika sahəsində bilik və bacarıqlarının artırılmasına, istintaq hərəkətlərinin düzgün aparılmasıma və peşəkar vərdişlərinin formalaşdırılmasına xidmət edir.

