2025-ci ildə prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün icbari təlimin birinci həftəsi başa çatıb
2025-ci ildə prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün nəzərdə tutulmuş icbari təlim proqramının birinci həftəsi başa çatıb. Təlimin 15-19 dekabr 2025-ci il tarixlərini əhatə edən birinci həftəsi ərzində 51 namizəd üçün prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsasları, işin təşkili, qanunvericiliyin tətbiqi xüsusiyyətləri və digər aktual mövzular üzrə tədris aparılmışdır.
Təlim proqramı çərçivəsində Milli Məclisin deputatı Pərvin Kərimzadə “Konstitusiya və suverenlik: Azərbaycan dövləti tarixində yeni mərhələ” mövzusunda çıxış edərək konstitusion dəyərlərin və dövlət suverenliyinin möhkəmləndirilməsinin hüquqi əhəmiyyətinə toxunmuşdur. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov isə “Mühafizə fəaliyyətində siyasi və media manipulyasiyası təhdidləri” mövzusunda çıxış edərək hüquq-mühafizə orqanlarının müasir informasiya mühitində üzləşdiyi risklər barədə ətraflı məlumat vermişdir. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri Anar Tanrıverdiyev tərəfindən məhkəmə-prokurorluq münasibətləri, ədalətli məhkəmə araşdırmasının təminində prokurorluğun rolu, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətin rolu mövzularda çıxış etmişdirlər.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev “Prokurorluq hüququnun tədrisinin təşkili” mövzusunda, Mərkəzin şöbə rəisi Nigar Qələndərli isə “Müasir Azərbaycan prokurorluğunun formalaşmasında Heydər Əliyev irsi” mövzusunda çıxış etmişdirlər.
Bununla yanaşı, tədris prosesində Baş Prokurorluğun müvafiq idarə rəisləri və struktur bölmələrinin rəhbərləri tərəfindən müxtəlif aktual mövzular üzrə çıxışlar edilmiş, namizədlərə praktiki bilik və tövsiyələr verilmişdir.

