İcbari təlim çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında mülki müdafiə dərsi keçirildi

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə 2025-ci ildə prokurorluq orqanlarında ilk dəfə qulluğa qəbul olunmaq üçün keçirilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər üçün icbari təlim proqramı çərçivəsində növbəti tədris tədbiri təşkil olunub.
İcbari təlim çərçivəsində namizədlər 18.12.2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Mülki müdafiə” mövzusu üzrə nəzəri və praktiki təlimlərə cəlb olunublar.
Təlim zamanı dinləyicilərə mülki müdafiənin hüquqi əsasları, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin mühafizəsi, eləcə də dövlət orqanları arasında qarşılıqlı fəaliyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, namizədlər Akademiyanın fəaliyyəti və müasir tədris infrastrukturu ilə yaxından tanış olublar.
Namizədlərə Akademiyada yaradılmış tədris və praktiki imkanlar müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, linqofon və xüsusi fənn kabinetləri, elektron kitabxana, yanğın təlim hissəsi, Azərbaycanda ilk dəfə yaradılmış “Qayadırmanma” alpinist hazırlığı qurğusu, yanğın və qəza-xilasetmə trenajor kompleksi, eləcə də avtomobil hazırlığı üçün xüsusi trenajorlarla təchiz edilmiş kabinetlər nümayiş etdirilib.
Daha sonra tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam etdirilib.