İcbari təlim çərçivəsində namizədlər Dövlət Gömrük Komitəsi Akademiyasına səfər ediblər
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə 2025-ci ildə prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə Dövlət Gömrük Komitəsinin Akademiyasında görüş keçirilib.
Görüşdə iştirak edən namizədləri salamlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov onları əldə etdikləri uğur münasibətilə təbrik edərək, prokurorluq orqanlarında xidmətin yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət tələb etdiyini vurğulayıb. Akademiya rəisi, həmçinin Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun salamlarını iştirakçılara çatdıraraq, bu cür görüşlərin gənc kadrların peşəkar inkişafı və motivasiyasının artırılmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli çıxış edərək Dövlət Gömrük Komitəsinin Akademiyasının ilə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, bu əməkdaşlığın gənc prokurorluq kadrlarının bilik və bacarıqlarının artırılmasına, eləcə də onların praktiki hazırlığının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
Ardınca Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova Akademiyanın fəaliyyəti, tədris və qiymətləndirmə prosesi, əldə olunmuş nailiyyətlər, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları ilə əməkdaşlıq əlaqələri, eləcə də gömrük əməkdaşları üçün potensialın gücləndirilməsinə yönəlmiş təlim və layihələr barədə təqdimatla çıxış edib.
Tədbirin sonunda iştirakçılar Akademiyada yaradılmış şəraitlə, o cümlədən Kinoloji Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

