2025-ci ildə prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunan namizədlər üçün icbari təlimə başlanılıb
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 2025-ci ildə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş 51 namizəd üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində 15 dekabr 2025-ci il tarixindən icbari təlimə başlanılmışdır.
İcbari təlimin əsas məqsədi prokurorluq orqanlarında fəaliyyətə başlayacaq gənc hüquqşünasların ilkin peşə vərdişlərinin formalaşdırılması, hüquqi bilik və bacarıqlarının müasir tələblər səviyyəsində inkişaf etdirilməsi, habelə prokurorluq fəaliyyətinin əsas istiqamətləri üzrə onların sistemli və kompleks hazırlığının təmin edilməsidir.
Təlim proqramı çərçivəsində cinayət hüququ və cinayət prosesi ilə yanaşı, insan hüquqları, əməliyyat-axtarış fəaliyyəti, kriminologiya, inzibati hüquq, kriminalistika, prokuror nəzarətinin təşkili, Baş Prokurorluqda işin təşkili və idarəetmə mexanizmləri və digər mövzular əhatə olunmaqla, ümumilikdə 120-dən artıq təlim və praktiki məşğələ nəzərdə tutulmuşdur. Mühazirələr təcrübəli prokurorluq əməkdaşları ilə yanaşı, millət vəkilləri, hakimlər, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, hüquq-mühafizə orqanlarının, habelə Ədliyyə və Səhiyyə nazirliklərinin nümayəndələri və sahə üzrə ekspertlər tərəfindən aparılır.
Praktiki biliklərin möhkəmləndirilməsinə xüsusi önəm verilərək, icbari təlim çərçivəsində namizədlərin Bakı şəhərinin tabe rayon prokurorluqlarında, Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında, Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” birliyində, eləcə də məhkəmə fəaliyyəti ilə bağlı digər qurumlarda tanışlıq səfərlərinin təşkili nəzərdə tutulur. Bu səfərlər namizədlərə cinayət təqibinin həyata keçirilməsi mexanizmləri, sübutların toplanması və qiymətləndirilməsi, habelə qurumlararası əməkdaşlığın praktiki aspektləri ilə yaxından tanış olmaq imkanı yaradacaqdır.
Eyni zamanda, gənc prokuror kadrlarının vətənpərvər, hüquqi dövlətçilik prinsiplərinə və milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsinin vacibliyi nəzərə alınaraq, təlim proqramına mədəni-maarifləndirici və ideoloji-tərbiyəvi tədbirlər də daxil edilmişdir.
İcbari təlimin sonunda qiymətləndirməni müvəffəqiyyətlə başa vuran namizədlərə müvafiq şəhadətnamələr təqdim olunacaq.

