Azərbaycan Dövlət İqtisad Universitetində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində müxtəlif dövlət qurumlarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı maarifləndirici tədbirlər keçirilir.
Belə ki, cari ilin 24 noyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində həmin təhsil müəssisəsinin müəllim və tələbə heyəti üçün “Təhsil sahəsində baş verən korrupsiya hüquqpozmalarının xarakterik xüsusiyyətləri” mövzusunda təlim keçirilmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev və İstintaq idarəsinin böyük prokuroru Allahverdi Allahverdiyevin təlimçi qismində iştirak etdikləri tədbirdə dinləyicilərə korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin əhəmiyyəti, bu sahədə qabaqcıl beynəlxalq təcrübə, təhsil sahəsində korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlər tədris edilmişdir.
Qarşılıqlı müzakirələr formatında baş tutmuş təlimin sonunda dinləyicilər tərəfindən verilmiş suallar təlimçilər tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.

