Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları üçün antikorrupsiya təlimi keçirilib

Cari ilin 17–18 noyabr 2025-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin 160 əməkdaşı üçün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
2025-ci ilin ölkəmizdə Konstitusiya və Suverenlik İli elan edilməsi antikorrupsiya mədəniyyətinin gücləndirilməsi, şəffaf idarəçilik prinsiplərinin möhkəmləndirilməsi və dövlət qulluqçularının etik davranış standartlarının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təlim proqramının məzmunu da məhz Konstitusiya və Suverenlik İlinin hədəflərinə uyğun olaraq formalaşdırılıb və dövlət orqanlarında etik davranışın təkmilləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsini təşkil edir.
Bu çərçivədə keçirilən təlimdə, Baş Prokurorluğun əməkdaşlarının təlimçi qismində iştirakı ilə korrupsiyanın anlayışı, hüquqi məsuliyyət, etik davranış normaları və digər aktual məsələlər geniş izah edilib. Dinləyicilər mövzular üzrə fəal iştirak göstərmiş, praktiki məsələlərlə bağlı suallar səsləndirmiş və həmin suallar təlimçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.