Medianın İnkişafı Agentliyinin əməkdaşları üçün antikorrupsiya mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin inzibati binasında Agentliyin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin yaradılması və antikorrupsiya mədəniyyətinin formalaşdırılması” mövzusunda təlim keçirilib. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunub və əməkdaşların antikorrupsiya sahəsində nəzəri biliklərinin artırılması, hüquqpozmalara görə məsuliyyət məsələləri barədə məlumatlılığın gücləndirilməsi, həmçinin dövlətçilik prinsiplərinə uyğun etik davranış vərdişlərinin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları təlimçi qismində iştirak ediblər.
Təlim zamanı dinləyicilərə korrupsiyanın anlayışı, mahiyyəti, onun cəmiyyətə təsiri, korrupsiyaya qarşı mübarizənin zəruriliyi, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalar və həmin hüquqpozmalara görə məsuliyyət tədbirləri barədə geniş məlumat verilib.
Bununla yanaşı, təlim çərçivəsində Konstitusiyanın dövlət idarəçiliyində rolu, dövlət suverenliyinin qorunmasında hüquqi prinsiplər, həmçinin milli qanunvericilik kontekstində etik davranış qaydaları və mövzu ilə bağlı digər aktual məsələlər üzrə müzakirələr aparılıb.

