Hesablama Palatasının əməkdaşları üçün “Korrupsiya cinayətləri” mövzusunda distant təlim keçirilib

Korrupsiyaya qarşı maarifləndirici tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Hesablama Palatasının əməkdaşları üçün distant formada “Korrupsiya cinayətləri” mövzusunda təlim təşkil edilmişdir.
Təlimdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları təlimçi qismində iştirak etmişlər. Tədbir çərçivəsində dinləyicilərə korrupsiyanın anlayışı və mahiyyəti, onun cəmiyyətə və dövlət idarəçiliyinə göstərdiyi təsirlər, korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları, həmçinin korrupsiya ilə əlaqədar hüquqpozmaların növləri və digər aktual məsələlər barədə ətraflı məlumat verilmişdir.
Təlim zamanı mövzular dinləyicilər tərəfindən maraqla qarşılanmış, müzakirələr aparılmış və iştirakçıların sualları ətraflı şəkildə cavablandırılmışdır.
Keçirilmiş tədbir korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflıq və etik davranış prinsiplərinin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.