Baş Prokurorluqda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün antikorrupsiya mövzusunda təlim keçirilib

31 oktyabr 2025-ci il tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan və olmayan qurumlarının 49 əməkdaşı üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda əyani təlim keçirilib.
Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli “Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçilik tarixində yeni bir mərhələ” mövzusunda çıxış edərək, dövlət suverenliyinin qorunması, qanunun aliliyi və şəffaf idarəetmə prinsiplərinin gücləndirilməsində prokurorluğun rolunu vurğulayıb. O, dövlət qulluğunda etik standartların, maraqlar toqquşmasının qarşısının alınması mexanizmlərinin və məsuliyyət mədəniyyətinin möhkəmləndirilməsinin korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, mövzu üzrə milli normativ baza və tətbiqi mexanizmlər barədə geniş məlumat verib.
Təlim zamanı, eyni zamanda, Sumqayıt şəhər prokurorunun müavini Yusuf Novruzov korrupsiyanın anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət məsələlərini şərh etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli korrupsiyaya qarşı mübarizədə preventiv tədbirlərin əhəmiyyəti və beynəlxalq təcrübə barədə məlumat vermiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev korrupsiya ilə əlaqədar hüquqpozmalara dair məlumat verən şəxslərin dövlət müdafiəsi institutunun tətbiqinə toxunmuş, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Çingiz Əli-zadə və Mərkəzin əməkdaşı Rafiq Quliyev cinayət mühakimə icraatında prokurorluğun rolunu və bu sahədə mövcud imkanları izah etmişdirlər.
Təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.