Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə ilə bağlı təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-2025-ci illəri əhatə edən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı"nın icrası çərçivəsində, cari ilin 28-30 oktyabr tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 193-1-ci maddəsi üzrə ibtidai araşdırma səlahiyyəti olan qurumların əməkdaşları üçün həmin əməlin istintaqının səmərəliyinin artırılması məqsədi ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməli üzrə istintaq: sübutetmənin xüsusiyyətləri” mövzusunda üç günlük təlim keçirilib.
Təlim mövzularının tədrisi Baş Prokurorluğun əməkdaşları ilə bərabər, Maliyyə Monitorinqi Xidmətinin (MMX) təcrübəli əməkdaşları tərəfindən də həyata keçirilib.
Tədbir zamanı iştirakçılara cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə sahəsində həyata keçirilmiş dövlət proqramları və beynəlxalq əməkdaşlıq barədə geniş məlumat verilib.
Həmçinin, CM-nin 193-1 maddəsi ilə nəzərdə tutulmuş əməlin tövsifi aspektləri, istintaqda sübutetmə xüsusiyyətləri, maliyyə istintaqının və predikativ cinayətlər üzrə paralel maliyyə araşdırmasının aparılması qaydaları kimi vacib mövzular üzrə nəzəri və praktiki tədris keçirilib.
Tədbir, iştirakçıları maraqlandıran suallar ətrafında aparılan səmərəli müzakirələrlə başa çatıb.

