Baş Prokurorluqda Yetkinlik yaşına çatmayanlarla psixoloji davranış qaydalarına dair təlim keçirilib

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində cari ilin oktyabr ayının 27-də cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyət göstərən 101 prokurorluq işçiləri üçün “Yetkinlik yaşına çatmayanlarla psixoloji davranış qaydaları” mövzusunda təlim keçirilib.
Tədbirdə təlimçi qismində Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təcrübəli müəllimləri çıxış etmişdirlər. Həmin kafedra illərdir ki, psixoloji diaqnostika, davranış psixologiyası və hüquqi psixologiya sahəsində yüksək elmi-pedaqoji məktəb formalaşdırmış və bu istiqamətdə mütəxəssis hazırlığında mühüm rol oynayır.
Psixologiya üzrə fəlsəfə doktoru, dosent Yəmən Vəliyeva “Yetkinlik yaşına çatmayan qanunpozanların motivlər sistemi və düzgün ifadəvermə qabiliyyətinin psixoloji tərəfləri” mövzusunda və hüquqi psixologiya üzrə dissertantı Aytən Alışanlı “Yetkinlik yaşına çatmayanlarda deviant davranışa səbəb olan risk faktorları və onlarla psixoloji işin prinsipləri” mövzusunda təqdimatla çıxış etmişdirlər.
Mühazirə formatında keçirilən təlim zamanı yetkinlik yaşına çatmayanlarla iş prosesində psixoloji yanaşmanın əhəmiyyəti, ifadəvermə dinamikası, davranış modellərinin düzgün qiymətləndirilməsi, həmçinin bu sahədə beynəlxalq təcrübənin tətbiqi imkanları dinləyicilərin diqqətinə çatdırılmışdır.
Təlim müddətində dinləyicilər mövzulara yüksək maraq göstərmiş, müzakirələrdə aktiv iştirak etmiş və onları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır.