Naxçıvanda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində 17 oktyabr 2025-ci il tarixində Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil edilmişdir.
Tədbirdə 125 nəfər təhsil işçisi iştirak etmiş, Baş Prokurorluğun təcrübəli əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına qarşı mübarizənin əhəmiyyəti, korrupsiyanın mahiyyəti və sosial təsirləri, şəffaf idarəçilik prinsipləri, habelə preventiv mexanizmlərin tətbiqi barədə geniş məlumat verilmişdir.
Təlimdə mühazirələrlə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev, Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov çıxış etmişlər.
Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Əli Vəliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşları Oqtay Mirzəyev və Emin Rəsulzadə, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, şöbənin əməkdaşları Xəqani Qurbanov, Kanan Cahangirov, Toğrul İbrahimov və Mürşüd Rəşidov iştirak etmişlər.
Təlim interaktiv formatda aparılmış, dinləyicilərin sualları cavablandırılmış, praktiki yanaşmalar və tətbiq mexanizmləri üzrə fikir mübadiləsi aparılmışdır.
Tədbirlə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziyası və Elm və Təhsil Nazirliyinin “Təhsil TV” kanalı tərəfindən təlimlə bağlı reportaj hazırlanmış, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərlidən müsahibə alınmışdır.
Sonda qeyd olunmuşdur ki, təhsil işçiləri arasında etik davranış modelinin gücləndirilməsi və korrupsiyaya qarşı maarifləndirmə işinin genişləndirilməsi istiqamətində həyata keçirilən bu cür təlimlər davamlı xarakter daşıyır və ölkənin müxtəlif regionlarında mərhələli şəkildə təşkil olunacaqdır.

