Azərbaycan Respublikasının Baş Prokurorluğuna hakimliyə namizədlərin təlim səfəri təşkil olunub
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən uzunmüddətli təlim proqramına cəlb edilmiş hakimliyə namizədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna təlim səfəri cari ilin 25 sentyabr tarixində təşkil olunub.
Səfər çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən iştirakçılara prokurorluq orqanlarının tarixi inkişaf mərhələləri, qanunun aliliyinin təmin edilməsində və ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rolu, həmçinin struktur quruluşu və fəaliyyət prinsipləri barədə ətraflı məlumat verilib.
Tədbirdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev prokurorluq orqanlarının fəaliyyəti, müasir inkişaf prioritetləri və institusional yanaşmalar barədə ətraflı çıxış edib. Daha sonra Mərkəzin şöbə rəisi Nigar Qələndərli prokurorluq orqanlarının fəaliyyəti, peşə biliklərinin artırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Eyni zamanda, Mərkəzin sektor müdiri Oqtay Mirzəyev informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə ətraflı məlumat vermiş, elektron kitabxananın imkanları, Mərkəzin rəsmi internet səhifəsi və müasir texniki proqram təminatının istifadəsi ilə bağlı iştirakçıları ətraflı şəkildə məlumatlandırmışdır.
Səfər çərçivəsində iştirakçılar Baş Prokurorluğun inzibati binasında yaradılmış şərait, o cümlədən kriminalistika laboratoriyası, istintaq hərəkətlərinin aparıldığı otaqlar, zəngin kitabxana fondu, Prokurorluq muzeyi, həmçinin Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə yaxından tanış olublar.
Bu təlim hakimliyə namizədlərə prokurorluğun fəaliyyətini dərindən öyrənmək, gələcək peşə fəaliyyətləri üçün zəruri olan praktiki bacarıq və institusional biliklər qazanmaq imkanı yaratmışdır.

