Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 11 iyul 2025-ci il tarixdə Şəmkir şəhərində təşkil edilən təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib. 
Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Şəmkir rayon prokurorluğu, eləcə də Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər mövzular üzrə çıxışlar edilib.
Təlim çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda keçirilən təlimin məqsədi, təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınması barəsində geniş məlumat verib.
Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Xəqani Qurbanov, şöbənin əməkdaşı Rövşən Ağayev və Qazax-Tovuz Regional Təhsil İdarəsinın müdiri Vüqar Dadaşov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin müvafiq İş planı və bu sahədə görülən işlərdən danışıblar. 
Daha sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ziya Hacıyev, Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Kamil Kamilli, Təşkilati və informasiya təminatı idarəsinin prokuroru İlkin Babazadə və Şəmkir rayon prokurorunun müavini Anar Haqverdiyev təhsil sahəsində korrupsiyanın mahiyyəti, onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi, hüquqpozmalara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti barədə çıxış ediblər.

Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.