Baş Prokurorluqda Müdafiə Nazirliyinin işçiləri üçün təlim təşkil edilmişdir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü ilə cari Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 23-25 iyun 2025-ci il tarixlərində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin 52 işçisi üçün “Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair işlər üzrə icraatın xüsusiyyətləri” mövzusunda təlim keçirilmişdir.
Əyani formada keçirilmiş tədbirə Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərlinin, şöbənin böyük prokuroru Çingiz Əli-zadənin, Respublika Hərbi Prokurorluğunun təcrübəli əməkdaşlarının, habelə tabe rayon (şəhər) prokurorlarının əməkdaşları təlimçi qismində iştirak etmişdirlər. Təlim zamanı dinləyicilərə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair icraatın aparılması ilə bağlı və digər aktual mövzular tədris edilmişdir.
Təlimin yekunu üzrə müzakirə zamanı dinləyicilər əldə etdikləri bilik və bacarıqlardan, tədrisin təşkilindən razı qaldıqlarını ifadə etmişlər.
Baş Prokurorluqla tərəfdaş dövlət orqanları və ali təhsil müəssisələri ilə birgə bu qəbildən olan tədbirlərin keçirilməsi vahid istintaq təcrübəsinin formalaşmasına, tədris sahəsində fəaliyyətin səmərəliyinin daha da artırılmasına öz töhfəsini verəcəkdir.

