Müxtəlif komissiya və işçi qrupların fəaliyyətində iştirak – 2020
Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan geniş miqyaslı islahatların tərkib hissəsi kimi ibtidai istintaqın aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, dövlət ittihamının müdafiəsi, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyəti, eləcə də cinayət təqibindən kənar icraatlar üzrə tərtib edilən prosessual sənədlərin forma və məzmun baxımından təkmilləşdirilməsinə, onların son illər qanunvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırımasına, habelə bu sahədə vahid təcrübənin formalaşdırılmasına zərurət yaranmışdır. Bu məqsədlə Baş prokurorun 09.07.2020-ci il tarixli 10/75 №-li sərəncamına əsasən Mərkəzdə fəaliyyət göstərmiş İşçi qrupu tərəfindən prokurorluq qurumlarının rəy və təklifləri nəzərə alınmaqla, müxtəlif sahələri əhatə edən, mövcud qanunvericiliyə və müasir tələblərə cavab verən 230 prosessual sənədin təkmilləşdirilmiş nümunəvi forması hazırlanmışdır. Eyni zamanda İşçi qrupu tərəfindən bu nümunəvi formalardan daha səmərəli və asanlıqla istifadə olunması üçün informasiya texnologiyaların imkanlarından istifadə olunması təklif edilmişdir. Bununla da vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılmasına ciddi töhvə verilmişdir. Eyni zamanda, Baş Prokurorluğun və tabe prokurorluqların xidməti fəaliyyətində istifadə edilən arayış və digər sənədlərin forma və məzmun baxımından təkmilləşdirilməsi, ümumilikdə xidməti sənəd dövriyyəsinin optimallaşdırılması və səmərəliyinin artırılması məqsədilə Mərkəz tərəfindən Baş Prokurorluğun struktur qurumlarının rəy və təklifləri nəzərə alınmaqla, 17 xidməti sənədin nümunəvi forması hazırlanmışdır. Baş prokurorun 14.09.2020-ci il tarixli 15/3 №-li əmri ilə yuxarıda qeyd edilən prosessual və xidməti sənədlərin nümunəvi formalarının tətbiqi prokurorluq işçilərinə tövsiyə edilmiş və nümunələrin Baş Prokurorluğun rəsmi saytında yerləşdirilməsi təmin edilmişdir.
Baş prokurorun 11.09.2020-ci il tarixli 10 №-li sərəncamıilə yaradılmış İşçi qrupunun rəhbəri Mərkəzin rəisi Mübariz Əhmədov, İşçi qrupunun üzvü Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Talıb Cəfərov, Ekspert komissiyasının üzvü kimi isə Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalov müəyyən edilmişdir. Sərəncamın icrası çərçivəsində prokurorluq orqanlarına qulluğa qəbulla bağlı keçiriləcək müsabiqənin birinci mərhələsində istifadə olunacaq test bazasında olan test tapşırıqları təkmilləşdirilmiş və qanunvericilikdə olan dəyişikliklərə uyğunlaşdırılımış, eləcə də normativ tələblərə cavab verən və yeni qanunvericiliyi əhatə edən yeni test tapşırıqları hazırlanaraq 900-dən çox test tapşırığı ekspertizadan keçirilmişdir.
Baş prokurorun 02.10.2020-ci il tarixli 09/89 №-li sərəncamına əsasən qanunların icrasına və tətbiq olunmasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində Abşeron rayon prokurorluğu tərəfindən 2020-ci ilin ötən dövründə bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinin yoxlanılmasında 5 – 7 oktyabr 2020-ci il tarixlərdə komissiyanın tərkibində Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Elxan Əsgərov iştirak edərək yoxlamanın ümumi arayışını tərtib etmişdir.
“Tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.07.2007-ci il tarixli 2293 №-li Sərəncamına müvafiq olaraq yaradılmış Məhvetmə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri kimi Mərkəzin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Rəşad Qasımov tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesində mütəmadi iştirak etmişdir.