Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşı Qazaxıstanda keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxış edib
Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasının və “Qazaxıstan Prokurorlar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 11 aprel 2025-ci il tarixdə “Hüquq elminin transformasiyası: gənc alimlərin baxışı” mövzusunda VIII Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfrans Akademiyanın yaradılmasının 10 illiyinə həsr olunmuş və Qazaxıstanın Elmi İşçiləri Günü ərəfəsində baş tutub.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Özbəkistandan olan hüquqşünas alimlər, eləcə də hüquq-mühafizə sahəsində çalışan praktiki mütəxəssislər, doktorant və magistrantlar iştirak edib. Konfransda müasir hüquq elminin inkişaf tendensiyaları, cinayət və cəza siyasəti, kriminologiya, cinayət-prosessual hüquq, informasiya hüququ, hüquq-mühafizə orqanlarında qanunçuluq prinsipləri və insan hüquqlarının təmin olunması kimi mövzular ətrafında müzakirələr aparılıb, elmi-nəzəri və praktiki yanaşmalar paylaşılıb.
Konfransda “Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi və Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası arasında tədris və elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında” 23 sentyabr 2021-ci il tarixli Memorandumun müddəaları çərçivəsində, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova onlayn formatda çıxış edib.
Nigar Əskərova “Prokurorluq kadrlarının peşə hazırlığında akademik, praktiki və rəqəmsal yanaşmaların inteqrasiyası: Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin təcrübəsi” mövzusunda təqdim etdiyi məruzəsində müasir dövrdə hüquq-mühafizə orqanları əməkdaşlarının hazırlığında interdisiplinar yanaşmaların tətbiqinin əhəmiyyəti vurğulanıb, akademik biliklərin, praktiki bacarıqların və rəqəmsal imkanların sintezi ilə formalaşan kompleks hazırlıq modelindən bəhs olunub. Məruzədə, eyni zamanda, Azərbaycan Respublikasının prokurorluq orqanlarında hüquqi islahatlar kontekstində insan hüquqlarının müdafiəsi, Etik Davranış Kodeksinin təbliği, təlim formatlarının müasirləşdirilməsi və beynəlxalq əməkdaşlıq aspektləri geniş şəkildə təhlil olunub.
Çıxış iştirakçılar tərəfindən yüksək qiymətləndirilərək ölkəmizin təcrübəsinin əhəmiyyətli modellərdən biri kimi öyrənilməsinə maraq ifadə edilib.
Konfransın yekununda hüquq elminin transformasiyası sahəsində gələcək elmi tədqiqat istiqamətləri müəyyənləşdirilib, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tədris siyasətinin təkmilləşdirilməsi məqsədilə tövsiyələr hazırlanıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzi bu kimi tədbirlərdə iştirakı beynəlxalq hüquq-tədris platformalarında milli hüquq sisteminin uğurlarının təbliği, elmi potensialın təqdim olunması və tərəfdaş dövlətlərlə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi baxımından mühüm fürsət hesab edir.