İstanbul şəhərinin prokurorları Baş Prokurorluğun fəaliyyəti ilə tanış olub
Türkiyənin İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində 2025-ci ilin yanvar ayının 31-də Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun iştirakı ilə Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış şəraitlə, habelə prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış olublar.
Hörmətli qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, tarixi şəxsiyyətə öz ehtiramlarını bildiriblər və əziz xatirəsini yad ediblər.
Tanışlıq məqsədilə nümayəndə heyətinə prokurorluğun kriminalistik fəaliyyəti üçün yaradılmış şərait, laboratoriya, həmin sahədə istifadə edilən müasir avadanlıqlar təqdim olunub.
Həmçinin, qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksində yerləşən Vətən müharibəsi qalereyasını ekskurs edərək işğalçı erməni ordusu tərəfindən mülkü şəxslərə qarşı törətdikləri hərbi cinayətlərin maddi sübutları ilə əyani tanış olublar və həmin hadisə anlarını qalereyada olan monitorda seyr ediblər.
Eyni zamanda İstanbul şəhər prokurorluğunun nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təyinatı, imkanları və texniki təchizatı ilə Mərkəzin rəisi Talıb Cəfərovun müşahidəsi ilə tanış olublar.
Daha sonra Mərkəzin şöbəsinin böyük prokuroru Nigar Əskərova qonaqlar üçün türk dilində Azərbaycan Prokurorluğunun strukturunu və fəaliyyətini əks etdirən təqdimat keçirib.
Sonda İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun vəzifəli şəxsləri arasında təcrübə mübadiləsi aparılıb.
Qonaqlar üçün tanışlıq tədbirinin səmərəli keçirilməsinə Mərkəzin baş mütəxəssisi Toğrul Alıyev də cəlb edilib.