Türk Ədliyyə Təlim Şəbəkəsinin konfrans iştirakçılarını Baş prokuror Kamran Əliyev qəbul edib

Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin dekabr ayının 17-dən 18-dək Bakı şəhərində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransı keçirilib.
“Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda tədbir başa çatdıqdan sonra konfrans iştirakçılarını Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev qəbul edib.
Görüş zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə Baş prokuror qonaqları məlumatlandırıb. Görüşdə Kamran Əliyev böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq mühafizə orqanlarının akademik dairələri arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçirilmiş konfransın müasir zamanın tələblərinə uyğun hüquq tətbiqetmə sahəsində rəqəmsallaşma üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Konfrans iştirakçıları göstərilmiş qonaqpərvərliyə görə təşəkkür ifadə edərək dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinə böyük önəm verdiklərini qeyd etmiş, peşəkar platformada, o cümlədən elm-tədris sahəsində əməkdaşlığın vacibliyini qeyd ediblər.
Görüş çərçivəsində qonaqlar Baş Prokurorluğun Tarix muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.