Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransı çərçivəsində Qarabağ Universiteti və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin dekabr ayının 17-dən 18-dək Baku Marriott Boulevard otelində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransı keçirilib.
“Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov tərəfindən qurumlar arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Mərkəzin şöbə rəisi Nigar Qələndərlinin moderatorluğu ilə Türk Ədliyyə Təlim Şəbəkəsinin 2025-ci il üzrə sədrliyinin Qazaxıstan tərəfində ötürülməsi mərasimi keçirilib, suvenirlərin mübadiləsi və xatirə fotoların çəkilişi olub.
Xarici qonaqlarla yanaşı, Azərbaycanın dövlət qurumlarının vəzifəli şəxslərinin, ali təhsil ocaqların professor heyətinin, ümumilikdə 90-dan artıq görkəmli hüquqşünasın iştirak etdiyi konfrans 18.12.2024-cü ildə öz işini başa çatdırıb.
Türk Ədliyyə Təlim Şəbəkəsinin Bakı şəhərində baş tutmuş konfransı üzv dövlətlərin media vasitələrində geniş şəkildə işıqlandırılıb.
Tədbirdən sonra konfrans iştirakçılarının Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov və digər vəzifəli şəxslərlə görüşü baş tutub.
Konfransın təşkilinə Baş Prokurorluğun yuxarıda qeyd edilən əməkdaşları ilə yanaşı, Baş Prokurorluğun idarə və şöbə rəisləri Tural Aslanov, Erkin Əlixanov, Rövşən Abdullayev və Saleh Hacıyev, eləcə də Mərkəzin əməkdaşları Səbuhi Şahverdiyev, Əmir Ocaqverdiyev, Ramin Camalov, İradə Xəlilova, Nigar Əskərova, Fərizə Mirzəyevə, Ruslan Ağayev, Məhərrəm Əzizbəyov, Rəşad Qasımov, Sarıtel Əliyeva, Oqtay Mirzəyev, İrina Folomeyeva, Aygün Əsgərova, Emin Rəsulzadə və digər işçiləri öz tövhələrini veriblər.