Bakıda kommersiya hüququ sahəsində Türk dövlətlərinin qanunvericilik bazasının inkişafı müzakirə edilib
Qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda 2024-cü ilin dekabr ayının 17-dən 18-dək özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransı keçirilib.
“Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda plenar iclaslar və panel sessiyalar formatında təşkil edilmiş konfransda peşəkar hüquqşünaslar türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilik bazasının inkişafı kimi məsələləri müzakirə ediblər.
Azərbaycan Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfovun moderatorluğu ilə keçirilmiş 4-cü panel sessiyada həmin mövzu ilə bağlı Akademiyanın rektoru Şahin Əliyev, Türkiyə Ədalət Akademiyasınin müəllimi, hakim Seda Duysak Fidan, Qazaxıstan Ali Məhkəmə Şurası yanında Ədliyyə Akademiyasının mərkəz direktoru Abilova Maigul Nestayevna, Özbəkistan Hüquq-mühafizə Akademiyasının kafedra müdiri Azizov Nasimbek Abdumukhtoroviçh və Şimali Kiprin Ali Məhkəməsinin hakimi Umut İnan çıxış ediblər.
Konfrans gedişatında xarici qonaqları Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov salamlayaraq, tədbirin əhəmiyyətindən söz açıblar.
Konfransda həmçinin Baş Prokurorluğun idarə rəisləri Ceyhun Kazımov, Aynur Osmanova, Murad Dadaşov və Qarabağ Universitetinin Humanitar-sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev iştirak ediblər.
Tədbir iştirakçılarına Beynəlxalq Prokurorlar Assosiasiyası və COP29 çərçivəsində 2024-cü ildə Bakı şəhərində keçirilmiş tədbirlər barədə videoçarxlar müşayiəti ilə ətraflı məlumat verilib.