Bakı şəhəri Türk Ədliyyə Təlim Şəbəkəsinin beynəlxalq konfransına ev sahibliyi edib
Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə 2024-cü ilin dekabr ayının 17-dən 18-dək Baku Marriott Boulevard otelində özündə üzv statusunda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə də müşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiq qurumlarını birləşdirən Türk Ədliyyə Təlim Şəbəkəsinin konfransı keçirilib.
Qeyd edilməlidir ki, Türk Ədliyyə Təlim Şəbəkəsi 11.12.2022-ci ildə İstanbul şəhərində təsis edilib və Azərbaycan tərəfini həmin Şəbəkədə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi təmsil edir. 2024-cü il Şəbəkəyə sədrlik Azərbaycan tərəfi həyata keçirib, bu çərçivədə artıq ikinci beynəlxalq konfrans baş tutub.
Konfransda iştirak etmək məqsədi ilə Türkiyə Ədliyyə Akademiyasının, Qazaxıstanın Ali Məhkəməsi yanında Ədliyyə Akademiyasının və Baş Prokurorluğu yanında Hüquqmühafizə orqanlarının Akademiyasının, Özbəkistanın Ali Məhkəmə Şurası yanında Ali Hakimlər Məktəbinin və Hüquq-mühafizə Akademiyasının, Qırğızıstanın Ali Məhkəməsi yanında Ali Ədliyyə Məktəbinin və Baş Prokurorluğunun Hüquq Akademiyasının, eləcə də Şimali Kiprin Ali Məhkəməsinin və Baş Prokurorluğunun nümayəndə heyətləri Bakı şəhərinə səfər ediblər.
Nümayəndə heyətləri tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin məzarını, Türk Əsgəri monumentini və Şəhidlər xiyabanını ziyarət edərək və əklik qoyaraq əziz xatirələrini yad ediblər.