Özbəkistan Hüquq-mühafizə Akademiyasının tədbirində Azərbaycan Prokurorluğu təmsil olunub

Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığa xüsusi önəm verir, xarici tərəfdaşların elmi-praktiki tədbirlərinin təşkilində yaxından iştirak edir, Azərbaycan prokurorları həmin tədbirlərin keçirilməsinə öz tövhəsini verir.
21-22 noyabr 2024-cü il tarixlərində Özbəkistan Respublikasının Hüquq-mühafizə Akademiyası tərəfindən “Hüquq mühafizə fəaliyyəti sahəsində qlobal çağırışlar və təhlükələr: müasir strategiyalar və həll yolları” mövzusunda təşkil edilmiş beynəlxalq elmi-praktiki konfransda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev və şöbə prokuroru Məhərrəm Əzizbəyov təmsil ediblər.
Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrin hüquq mühafizə orqanlarının, elmi müəssisələrinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən konfransın plenar iclasında çıxış edən Əmir Ocaqverdiyev Azərbaycan Prokurorluğunun fəaliyyəti haqqında ətraflı məlumat verib, maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.
Beynəlxalq hüquq əməkdaşlığının gücləndirilməsi və qabaqcıl təcrübələrin paylaşılması baxımından əhəmiyyətli olan bu platformada Azərbaycan nümayəndələrinin iştirakı beynəlxalq hüquq-mühafizə icmasının diqqətini ölkəmizin təcrübəsinə cəlb edib və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradıb.