Ümumrusiya Dövlət Ədliyyə Universitetinin təşkil etdiyi beynəlxalq elmi-praktiki konfransda Mərkəzin əməkdaşları iştirak edib
Prokurorluq orqanlarında peşə hazırlığının təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə digər ölkələrin hüquq üzrə ali və ixtisaslaşmış təhsil müəssisələri, eləcə də hüquq mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
Bu tədbirlərin davamı olaraq Ümumrusiya Dövlət Ədliyyə Universitetinin dəvətinə əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov və şöbə rəisi Ramin Camalov Moskva şəhərinə ezam olunaraq, cari ilin noyabr ayının 19-dan 21-dək keçirilmiş “Derjavin oxunuşları” adlı XVIII beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər.
Rusiya Federasiyasının Ədliyyə Nazirliyində və Universitetin müxtəlif korpuslarında baş tutmuş konfransın hədəfi hüquq-mühafizə təcrübəsinin aktual problemlərinin, qanunvericilikdəki yeniliklərin, hüquq sisteminin inkişafının prioritet istiqamətlərinin, dövlətin və vətəndaş cəmiyyətinin əsas institutlarının və dövrümüzün digər aktual problemlərinin müzakirəsi olub.
Rusiya Federasiyasının Ədliyyə naziri Konstantin Çuyçenko tərəfindən açılışı edilmiş konfransda yerli dövlət, məhkəmə və hüquq mühafizə orqanlarının nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də 10 dövləti təmsil edən xarici qonaqlar iştirak edib.
Min nəfərdən artıq iştirakçısı olan bu tədbirin “Miqrasiya və milli təhlükəsizlik: təhlükəsizlik və insan hüquqları arasındakı balans” mövzusu üzrə sessiyasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən rus dilində hazırlanmış “Azərbaycan Prokurorluğunun qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində fəaliyyəti” adlı vəsaitin təqdimatı keçirilib, xarici tərəfdaşlarla təcrübə mübadiləsi aparılıb, tədris prosesində tətbiq olunan yeniliklər diqqətə çatdırılıb, yeni nəşrlər mübadilə edilib.