Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokuroru Moskva şəhərində keçirilmiş beynəlxalq tədbirdə iştirak edib
15 noyabr 2024-cü il tarixində Moskva şəhərində Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin təşkilatçılığı ilə “Hüquq-mühafizə fəaliyyəti və vətəndaş cəmiyyəti” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbirdə müxtəlif ölkələrin hakimləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, notariuslar, dövlət qulluqçuları və hüquq üzrə alimlər iştirak ediblər. Azərbaycan Respublikasının Baş Prokurorluğunu bu mötəbər tədbirdə Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin prokuroru Məhərrəm Əzizbəyov təmsil edib.
Məhərrəm Əzizbəyov konfransda “Azərbaycan prokurorluğunun qanunsuz miqrasiya ilə mübarizə sahəsində fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edərək geniş auditoriyanın diqqətini cəlb edib. Onun çıxışı iştirakçılar arasında böyük maraq doğurmaqla yanaşı, mühüm fikir mübadilələrinə şərait yaradıb və yüksək qiymətləndirilib.
Tədbir yalnız elmi-praktiki müzakirələr üçün platforma olmaqla məhdudlaşmamış, eyni zamanda beynəlxalq əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi baxımından uğurlu nəticələrə yol açıb. Hüquq mühafizə sahəsində qabaqcıl yanaşmaların öyrənilməsi və müzakirəsi ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universiteti arasında gələcək əməkdaşlıq istiqamətində ilkin müzakirələr aparılıb və perspektiv planların təməli qoyulub.
Konfrans materialları və müzakirə zamanı təqdim edilən təkliflərin hüquq mühafizə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacağı gözlənilir. Tədbirin nəticələri, şübhəsiz ki, beynəlxalq hüquqi əməkdaşlığın inkişafına və təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verəcəkdir.