İrkutsk Dövlət Universitetinin nümayəndə heyəti Elm-Tədris Mərkəzini ziyarət edib

Şərqi Sibirin ən qədim ali təhsil ocağı olan İrkutsk Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən Hüquq institutu hüquqşünasların hazırlanması sahəsində Rusiyanın aparıcı təhsil müəssisələrindən biridir. 100 ildən artıq tarixi olan bu institutun məzunları postsovet məkanında, eləcə də uzaq xaricdə hüquq mühafizə orqanlarında xidmət edərək öz vəzifə borclarını layiqincə yerinə yetirirlər.
Azərbaycana səfər çərçivəsində oktyabr ayının 14-ü İDU-nun Hüquq institutunun və İrkutsk Vəkillər Palatasının nümayəndə heyəti Baş prokuror Kamran Əliyev tərəfindən qəbul edilib. Görüş zamanı qonaqlarla hüquqşünas kadrlarının hazırlanmasının xüsusiyyətləri, əməkdaşlığın faydası və perspektivləri, Azərbaycan və Rusiya prokurorluq qurumları arasında formalaşmış işgüzar əlaqələr barədə söhbət aparılıb.
Görüşdən sonra nümayəndə heyəti üçün yeni rekonstruksiya olunmuş Baş Prokurorluğun tarix muzeyinə ekskursiya təşkil olunub.
Bakı şəhəri Dərnəgül yaşayış sahəsində yerləşən inzibati binalar kompleksində yaradılmış şərait ilə tanışlıq çərçivəsində tədbir iştirakçılarına kitabxanalar, məşğələ auditoriyaları, kriminalistik avadanlıq otaqları, konfrans zalı və digər xidməti otaqlar nümayiş etdirilib.
Qonaqlar üçün Azərbaycan Prokurorluğunun fəaliyyəti, prokurorluq işçilərinin tədris prosesi, habelə tətbiq edilən müasir texnologiyalar barədə təqdimatlar keçirilib. Vətən Müharibəsi qalereyasını ziyarət edən nümayəndə heyəti Heydər Əliyevin büstü qarşısında Ulu Öndərin əziz xatirəsini yad edib.
Təcrübə mübadiləsi zamanı İrkutsk Dövlət Universitetinin Hüquq institutunun və İrkutsk Vəkillər Palatasının nümayəndələri əldə etdikləri məlumatlara və göstərilmiş diqqətə görə minnətdarlığını bildiriblər.