Bakı şəhərində prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirləri keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir.
Bunun parlaq nəticəsidir ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 58-ci iclası, İllik Konfransı və Ümumi Yığıncağı 2024-cü ilin sentyabr ayının 28-dən oktyabr ayının 2-dək paytaxtımız Bakı şəhərində keçirilib.
Əlbəttə ki bu kimi mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi dövlətimizin başçısının apardığı beynəlxalq siyasətin, tərəqqi yolu ilə inkişaf etməsinin, qabaqcıl ölkələr sırasında layiqli yer tutmasının və Baş prokuror cənab Kamran Əliyevin prokurorluqda apardığı islahatların məntiqli nəticəsidir.
95 ölkədən 465-dən artıq xarici qonaqların qatıldığı Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıdakı tədbirlərində mindən artıq görkəmli hüquqşünas və hüquq sahəsində alimlər iştirak edib, dünya ictimaiyyətini narahat edən mövzular üzrə (ekologiya, kibercinayətkarlıq, süni intellekt və sair) müzakirələr aparılıb, çox saylı görüşlər keçirilib, əməkdaşlıq haqqında memorandumlar imzalanıb, transmilli cinayətkarlıqla mübarizə sahəsində mühüm bəyannamələr qəbul edilib.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakıda müasir texnologiyalardan geniş istifadə olunmaqla təşkil edilmiş tədbirləri dünya mediasının diqqət mərkəzində olub.
Bu tədbirlərin həyata keçirilməsinə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov, rəis müavini Səbuhi Şahverdiyev, Mərkəzin əməkdaşları Əmir Ocaqverdiyev, Nigar Əskərova, İlkanə Qasımova və digərləri dəstək göstəriblər.