Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşı Moskva şəhərində keçirilmiş təlimdə iştirak edib
Prokurorluq orqanlarında peşə hazırlığının təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə digər ölkələrin hüquq üzrə ali və ixtisaslaşmış təhsil müəssisələri, eləcə də hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
Bu məqsədlə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Ramin Camalov və Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Zaur Əfəndiyev cari ilin sentyabr ayının 9-dan 20-dək Moskva şəhərinə ezam olunaraq, Rusiya Federasiyasının Prokurorluq Universitetində ixtisasartırma təlimində iştirak edib.
Rusiya Federasiyasının, Azərbaycan, Tacikistan, Qırğızıstan Respublikalarının prokurorluq orqanlarının ümumilikdə 81 əməkdaşının dinləyici qismində cəlb edildiyi təlim çərçivəsində yetkinlik yaşına çatmayan şəxslərin cinayət törətməsinə təsir edən amillər, cinayət təqibi zamanı bu cür şəxslərlə davranış qaydaları, onlar tərəfindən törədilən cinayətlərin istintaq metodikası və məhkəmə təcrübəsi, yetkinlik yaşına çatmayanların cinayət və inzibati məsuliyyətə cəlb edilməsinin xüsusiyyətləri və digər aktual məsələlər tədris olunub, istintaq sahəsində tətbiq edilən yeni üsul, metod və texnologiyalar barədə geniş məlumatlar verilib, qanunvericilik və təcrübənin təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Təlimin yekununda iştirakçılara müvafiq sertifikatlar verilib. Eyni zamanda təlimdə yaradıcı iştiraka, kreativ yanaşma və peşəkarlığa görə təlimin 15 iştirakçısı, o cümlədən Ramin Camalov Universitetin rəhbərliyi tərəfindən fərmanla təltif edilib.