“Hüquq və İqlim” mövzusunda keçirilmiş beynəlxalq konfransda Mərkəzin əməkdaşı iştirak edib
Azərbaycanda COP29 təşkili ərəfəsində 2024-cü ilin sentyabr ayının 6-da Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə “Hüquq və İqlim” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb etmək, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığı artırmaq olub.
Konfransda Azərbaycan Respublikasının Ombudsmanı, Hakimlər İttifaqının sədri, Ekologiya və təbii sərvətlər naziri, Ali Məhkəmənin sədri, Beynəlxalq Hakimlər İttifaqının prezidenti, Türkiyə Konstitusiya Məhkəməsinin sədr müavini, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də iqlim dəyişikliyinin hüquqi tənzimlənməsi sahəsində tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbirdə Baş Prokurorluğu Baş prokurorun müavini Elmar Camalov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev və həmin idarənin böyük prokuroru Namiq Əliyev, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova təmsil edib.
Konfrans çərçivəsində “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri”, “İqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”, “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst” və bir sıra digər mövzularda müzakirələr aparılıb.
Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst” mövzusunda çıxış edərək prokurorluq orqanları tərəfindən bu sahədə görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.