Türk Ədliyyə Təlimi Şəbəkəsi çərçivəsində təşkil edilmiş beynəlxalq konfransın iştirakçıları Bakı şəhərinin abidə və muzeyləri ilə tanış olublar
Qeyd olunduğu kimi, 2024-cü ilin iyun ayının 4 və 5 tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Türk Ədliyyə Təlimi Şəbəkəsi çərçivəsində Bakı şəhərində “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan və Şimali Kiprdən olan konfrans iştirakçıları üçün Bakının diqqətə layiq yerlərinə ekskursiyalar təşkil olunmuşdur.
Mədəni tədbirlər çərçivəsində qonaqlar Mərkəzi parkda, Nizami küçəsində və Fəvvarələr meydanında gəzmişlər, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olmuşlar, orada qədim memarlıq abidəsi olan Qız qalasını və Şirvanşahlar sarayını ziyarət etmişlər. Bakı bulvarında (Dənizkənarı Milli Park) gəzərkən qonaqlar üçün Xalça muzeyinə ekskursiya təşkil edilmişdir.
Şəhərimizin qonaqları Heydər Əliyev Mərkəzini ziyarət edərək buradakı sərgilərlə tanışlıqdan təəccüb olmuşlar, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruqlarında yaradılmış şəraitə heyrət etmişlər.
Konfrans iştirakçıları göstərilmiş qonaqpərvərliyə görə təşəkkür ifadə edərək dövlətimizin daha da inkişaf etməsini və xalqımızın daha da zəngin olmasını arzulamışlar.