Türk Ədliyyə Təlimi Şəbəkəsi çərçivəsində Bakı şəhərində təşkil edilmiş beynəlxalq konfrans iştirakçıları ilə görüşlər keçirilib
Qeyd olunduğu kimi, 2024-cü ilin iyun ayının 4 və 5 tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Türk Ədliyyə Təlimi Şəbəkəsi çərçivəsində Bakı şəhərində “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir.
Türkiyə Ədliyyə Akademiyasının, Türkiyə Respublikası Ədliyyə Nazirliyinin, Türkiyənin regional məhkəmələrin və prokurorluqlarının, Qazaxıstan Respublikası Ali Məhkəməsi yanında Ədliyyə Akademiyasının, Qazaxıstan Respublikası Baş Prokurorluğu yanında Hüquq Mühafizə Orqanları Akademiyasının, Özbəkistan Respublikası Məhkəmə-Hüquq Şurası yanında Ali Hakimlər Məktəbinin, Özbəkistan Respublikası Hüquq Mühafizə Orqanları Akademiyasının, Qırğızıstan Respublikası Baş Prokurorluğunun, Qırğızıstan Respublikası məhkəmələrinin, eləcə də Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin və Baş Prokurorluğunun əməkdaşları konfransdan sonra bir sıra mühüm görüşlərdə iştirak etmişlər.
Xüsusən də iyunun 5-də baş tutan görüşdə konfrans iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tarixi əlaqələri və ortaq dəyərləri olan qardaş və dost türk dövlətlərinin müxtəlif qurumları arasında, o cümlədən böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq mühafizə orqanlarının akademik dairələri arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçirilmiş konfransın müasir zamanın tələblərinə uyğun hüquq tətbiqetmə sahəsində rəqəmsallaşma üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.
Qonaqlar eyni zamanda Baş Prokurorluğun Tarix muzeyində Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.
Konfrans iştirakçılarını həmçinin Azərbaycan Respublikasının Ədliyyə naziri, Ali Məhkəmənin İnzibati kollegiyasının sədri, Mediasiya Şurasının, Məhkəmə Hüquq Şurasının və digər qurumların rəsmi şəxsləri qəbul etmişlər. Bu çərçivədə qonaqlar Ali Məhkəmənin iclas zalı, Yasamal Rayon Məhkəməsi və TÜSİAB-ın binası ilə tanış olmuşlar.
Görüşlər zamanı konfrans iştirakçıları göstərilmiş qonaqpərvərliyə görə təşəkkür ifadə edərək dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinə böyük önəm verdiklərini qeyd etmiş, peşəkar platformada, o cümlədən elm-tədris sahəsində əməkdaşlığın vacibliyini qeyd etmişlər.