Beynəlxalq konfransın iştirakçılarına sertifikatlar təqdim edilib
Qeyd olunduğu kimi Türk Ədliyyə Təlimi Şəbəkəsi çərçivəsində 2024-cü ilin iyun ayının 4 və 5 tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə iştirak etmək üçün Türkiyə Ədliyyə Akademiyasının, Türkiyə Respublikası Ədliyyə Nazirliyinin, Türkiyənin regional məhkəmələrin və prokurorluqlarının, Qazaxıstan Respublikası Ali Məhkəməsi yanında Ədliyyə Akademiyasının, Qazaxıstan Respublikası Baş Prokurorluğu yanında Hüquq Mühafizə Orqanları Akademiyasının, Özbəkistan Respublikası Məhkəmə-Hüquq Şurası yanında Ali Hakimlər Məktəbinin, Özbəkistan Respublikası Hüquq Mühafizə Orqanları Akademiyasının, Qırğızıstan Respublikası Baş Prokurorluğunun, Qırğızıstan Respublikası məhkəmələrinin, eləcə də Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin və Baş Prokurorluğunun əməkdaşları Bakı şəhərinə səfər etmişlər.
Tədbir Fairmont mehmanxanasında təşkil olunaraq müvafiq görünüşlü fotostend qurulmuş, konfrans zalı zəruri avadanlıqlarla təchiz edilmiş, müxtəlif dillərdə çıxışlar üçün tərcüməçilərin xidmətindən istifadə edilmişdir.
Konfrans 4 panel mövzu üzrə müzakirələrin aparılması formatında keçirilək maraqlı təcrübə mübadiləsi ilə yadda qalmışdır.
Müzakirələr başa çatdıqdan sonra iştirakçılara müvafiq sertifikatlar və milli suvenirlər təqdim edilmiş, ölkələrin bayraqları, eləcə də fotostend qarşısında xatirə fotoları çəkilmişdir.