Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib
Türk dilli ölkələrin əməkdaşlığının miqyasının genişlənməsi və qanunvericilik sistemlərinin yaxınlaşdırılması məqsədilə bu ölkələrin hüquqşünasları, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşlarının tədrisi məşğul olan müəssisələr bir platforma altında toplaşmağa qərara almışlar. 12.12.2022-ci ildə İstanbul şəhərində Türk Ədliyyə Təlimi Şəbəkəsi haqqında Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın ədliyyə sahəsində təlim-tədris təşkilatları arasında Anlaşma Memorandumu imzalanmış və bununla da Türk Dövlətləri Təşkilatının fəaliyyəti çərçivəsində Türk Ədliyyə Təlimi Şəbəkəsi yaradılmışdır.
2024-cü ilin iyun ayının 4 və 5 tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə iştirak etmək üçün Türkiyə Ədliyyə Akademiyasının, Türkiyə Respublikası Ədliyyə Nazirliyinin, Türkiyənin regional məhkəmələrin və prokurorluqlarının, Qazaxıstan Respublikası Ali Məhkəməsi yanında Ədliyyə Akademiyasının, Qazaxıstan Respublikası Baş Prokurorluğu yanında Hüquq Mühafizə Orqanları Akademiyasının, Özbəkistan Respublikası Məhkəmə-Hüquq Şurası yanında Ali Hakimlər Məktəbinin, Özbəkistan Respublikası Hüquq Mühafizə Orqanları Akademiyasının, Qırğızıstan Respublikası Baş Prokurorluğunun, Qırğızıstan Respublikası məhkəmələrinin, eləcə də Şimali Kipr Türk Respublikası Ali Məhkəməsinin və Baş Prokurorluğunun əməkdaşları Bakı şəhərinə səfər etmişlər.
Konfrans iştirakçıları ilk öncə Ümummilli lider Heydər Əliyevin məzarını, Türk Əsgərləri Memorialını və Şəhidlər Xiyabanını ziyarət etmişlər, gül dəstələri düzərək dünya şöhrətli siyasətçinin və şəhidlərin əziz və unudulmaz xatirəsinə dərin ehtiram ifadə etmişlər.