Elm-Tədris Mərkəzində İtaliya, Qazaxıstan, Latviya və Keniya nümayəndə heyətləri üçün təqdimatlar keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq tərəfindən xarici dövlətlərin hüquq mühafizə orqanları ilə hüquqi əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilir.
2024-cü ilin ilk altı ay ərzində Baş prokuror Kamran Əliyevin dəvəti ilə ölkəmizə bir çox dövlətlərin hüquq mühafizə orqanlarının nümayəndələri səfər etmiş, transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin göstərilməsi istiqamətində danışıqlar aparılmış, bir sıra səmərəli tədbirlər görülmüş və mühüm sənədlər imzalanmışdır.
Qeyd olunan əməkdaşlıq çərçivəsində 24.02.2024-cü ildə Keniya Respublikası Baş prokurorunun, 25.05.2024-cü ildə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsinin Baş prokurorunun, 03.06.2024-cü ildə Qazaxıstan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədrinin və 12.06.2024-cü ildə Latviya Respublikası Baş prokurorunun rəhbərlik etdikləri nümayəndə heyətləri ölkəmizə işgüzar səfər etmişlər.
Səfər proqramına digər tədbirlərlə yanaşı, prokurorluq orqanlarının funksional təyinatı, imkanları və texniki təchizatı ilə tanışlıq daxil olmuşdur.
Bu məqsədlə nümayəndə heyətləri Elm-Tədris Mərkəzinin yerləşdiyi Baş Prokurorluğun inzibati binalar kompleksinə gələrək, prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi, tarixi-memorial qalereya, kitabxana, iclas zalları, tədris auditoriyaları və kriminalistik otaqları ilə tanış olmuşlar.
Elm-Tədris Mərkəzinin əməkdaşları qonaqlar üçün xarici dillərdə (rus, ingilis, italyan) Azərbaycan Prokurorluğunun fəaliyyətini əhatə edən təqdimatlar keçirmişlər, Mərkəzin iş prinsipi və tədris prosesində istifadə olunan informasiya sistemləri barədə geniş məlumat vermişlər.
Görüş çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalına müsahibə vermişlər.