Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyası ilə əməkdaşlıq uğurla davam edir
2024-cü ilin aprel ayının 12-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli Qazaxıstana ezam olunaraq, Kosşi şəhərində Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanlarının Akademiyasının təşkil etdiyi “Müasir hüquq elminin inkişafı: nəzəriyyə və təcrübə” mövzusunda VII beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Toplantıda Qazaxıstanın millət vəkilləri, yerli dövlət, məhkəmə və hüquq mühafizə orqanlarının, ali və hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin, habelə Rusiya, Belarus, Qırğızıstan və Özbəkistan hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə hüquq elmi sahəsində tətbiq edilən yeni üsul və texnologiyalar, müasir çağırışlar, beynəlxalq standartların tətbiqi, eləcə də təhsil prosesində innovativ yanaşmaların müzakirəsi aparılmışdır.
Konfransda Nigar Qələndərlinin rus dilində “Azərbaycan qanunvericiliyində ədalət mühakiməsi əleyhinə olan cinayətlərin təhlili” mövzusunda etdiyi çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanmış və “Konfrans materiallar toplusu”nda dərc edilməsi qərara alınmışdır.
Tədbirin sonunda səslənmiş fikirlər ətrafında toplantı iştirakçıları müzakirələr aparmış, tədbirin ümumi nəticələri qiymətləndirilmiş, qurumlar arası əməkdaşlığın formalaşmasına verdiyi töhfəyə görə Akademiyanın rektoru tərəfindən Nigar Qələndərli “Təşəkkürnamə” ilə təltif edilmişdir.
Konfransın gedişatı yerli dövlət telekanallarında yayımlanaraq və tədbir barədə mediada məlumat verilərək Nigar Qələndərlidən “Евразия” adlı birinci kanala müsahibə alınmışdır.
Səfərin yekununda qərara alınmışdır ki, bir sıra aktual mövzular üzrə birgə tədris tədbirlərinin təşkili istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilsin.