Polis Akademiyasında keçirilən beynəlxalq elmi-praktiki konfransın iştirakçıları sırasında Mərkəzin əməkdaşları da olmuşlar
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2023-cü ilin dekabr ayının 15-də “Mülkiyyət əleyhinə törədilən cinayətlərin tədqiqinin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Konfransın hədəfləri ümumi cinayətlərin təqribən 70 %-ni təşkil edən mülkiyyət əleyhinə törədilən cinayətlərin mürəkkəb tədqiqat obyekti kimi öyrənilməsi, rəqəmsal texnologiyaların sürətli inkişaf dövründə bu cür cinayətlərin istintaq təcrübəsi üçün innovativ üsul və metodların müəyyən edilməsi olmuşdur.
Tədbirdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Vəkillər Kollegiya Akademiyasının, habelə Türkiyə, Qazaxıstan, Bolqarıstan və Moldova dövlətlərinin aidiyyəti qurumlarının əməkdaşları, eləcə də ali təhsil müəssisələrinin alimləri iştirak etmişlər.
Tədbir Polis Akademiyasının ərazisində ucadılmış Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələrinin qoyulması, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himnin səslənilməsi ilə başlanmışdır.
Polis Akademiyasının rəisi Canpolad Daanov konfransı açıq etdikdən sonra digər qonaqlarla yanaşı, Elm-Tədris Mərkəzinin rəis müavini Talıb Cəfərova giriş nitqi ilə çıxış etmək təklif edilmişdir. Talıb Cəfərov təmsil etdiyi qurumla Akademiya arasında formalaşmış işgüzar əlaqələr barədə konfrans iştirakçılarını məlumatlandırmış, Baş prokurorun rəhbərliyi ilə keçirilən Elmi-Məsləhət Şurasının iclaslarında Akademiya nümayəndəsinin fəaliyyətini, qurumların tədris prosesində təlimçilərin mübadiləsini, Mərkəzdə gənclər üçün təşkil edilən hüquqi müsabiqələrdə Akademiya kursantlarının iştirakını xüsusi vurğulamışdı.
Konfransın gedişatında, habelə fasilə vaxtı kuluarlarda Mərkəzin əməkdaşları Nigar Qələndərli, Rəşad Qasımov və Ruslan Ağayev tədbir iştirakçıları ilə disput edərək, təcrübə mübadiləsi aparmışlar.
Konfransda keçirilmiş təqdimatlar, dinlənilən çıxışlar və səslənən fikirlər müzakirə edildikdən sonra, elmi-tədqiqat tədbiri öz işini müvafiq bəyannamənin qəbulu ilə başa çatdırmışdır.