Ankara şəhərində Elm-Tədris Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən beynəlxalq konfransın mövzusu “Türk hüquq tarixi” olub
2023-cü ilin dekabr ayının 6-dan 10-dək Ankara şəhərində Türkiyə Ədliyyə Akademiyası, Atatürk Mədəniyyət Mərkəzi, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə “Türk hüquq tarixi” mövzusunda konfrans (qurultay) keçirilmişdir. Bu elmi-tədqiqat tədbirinin məqsədi müasir hüquq nəzəriyyəsinin və təcrübəsinin əhəmiyyətli mənbələrlə təmin edilməsi, bu çərçivədə məlumatlılığın artırılması olmuşdur.
Konfransda Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan 6 ölkənin 12 prokurorluq və məhkəmə qurumlarının tədris akademiya və mərkəzlərinin nümayəndələri ilə yanaşı, hüquqşünas alimlər, tarixçilər, ədəbiyyatşünaslar, siyasətçilər və dövlət xadimləri iştirak etmişlər. Tədbirdə Baş Prokurorluğun nümayəndə heyətini Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və şöbə rəisi Əmir Ocaqverdiyev təmsil etmişlər.
Prezident Milli Kitabxanasında başlanılmış konfransda giriş sözü ilə Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir, Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurasının sədri professor Derya Örs, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Sadi Jafarov və ədliyyə naziri Yılmaz Tunç çıxış etmişlər.
Daha sonra konfrans öz işini sessiyalar formatında müxtəlif yerlərdə ayrı-ayrı mövzular üzrə davam etdirmişdir. Konfrans və sessiyalar zamanı Mübariz Əhmədov Azərbaycan Prokurorluğunda peşə hazırlığının təşkili sahəsində həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırmış, Əmir Ocaqverdiyev isə geniş auditoriya qarşısında ingilis dilində “Türk hüquq tarixinə töhfə verən təsisatlar” mövzusunda çıxış etmişdir.