Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş beynəlxalq konfransda Mərkəzin əməkdaşı iştirak edib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2023-cü ilin dekabr ayının 6 və 7 tarixlərində “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransa Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, millət vəkilləri, BMT-nin və Avropa Şurasının nümayəndələri, Koreyanın və Almaniyanın rəsmi şəxsləri, Belarus, Böyük Britaniya və ABŞ universitetlərinin alimləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və jurnalistlər dəvətli olublar.
Konfrans öz işini panel müzakirələrlə davam etdirib. Belə ki, baş tutan birinci paneldə “Zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çıxış imkanları” mövzusu üzrə müzakirələr aparılıb. “Məişət zorakılığı hallarının profilaktikası və aşkarlanması’’ndan bəhs edən növbəti panel sessiyada məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni milli səviyyədə tətbiq olunması, məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi, bu istiqamətdə səmərəli cavab mexanizmlərinin yaradılması ilə bağlı qanunvericiliyin və icra mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə obyekti olub.
Konfrans çərçivəsində həmçinin “Məişət zorakılığına multidisiplinar yanaşma və mütəxəssis hazırlığı” mövzusunda panel iclas keçirilib. Dövlət Komitəsinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində növbəti panel sessiyası baş tutub.
ADA Universitetinin əməkdaşının moderatorluq etdiyi son panelin mövzusu “Məişət zorakılığında medianın rolu” olub. Müzakirələrdən sonra “Ağ-qara” video filmi nümayiş olunub.
İki gün davam edən bu beynəlxalq konfransa Baş Prokurorluğun digər işçiləri ilə yanaşı, Mərkəzin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak etmişdir.