Özbəkistan Respublikasının Hüquq mühafizə Akademiyası ilə formalaşmış qarşılıqlı əlaqələr müsbət dinamika üzrə möhkəmlənir
Prokurorluq orqanlarında peşə hazırlığının təşkili sahəsində həyata keçirilən tədbirlərin mühüm hissəsi xarici tərəfdaşlarla təcrübə mübadiləsinin və birgə tədqiqatların aparılması, habelə beynəlxalq elmi konfranslarda iştirak edilməsi ilə əlaqədardır.
2023-cü ilin dekabr ayının 1-dən 3-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Daşkənd şəhərinə ezam olunaraq, Özbəkistan Respublikasının Hüquq mühafizə Akademiyasının təşkil etdiyi “Hüquq mühafizə orqanlarında hüquq təhsili və elm: müasir tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
Tədbirin məqsədi təhsil prosesində innovativ yanaşmaların müzakirəsi, hüquq-mühafizə sahəsində kadrların hazırlanması sahəsində təcrübə mübadiləsi, müasir çağırışlar nəzərə alınmaqla beynəlxalq standartların tətbiqi üçün tövsiyələrin hazırlanması üçün platforma yaratmaq olmuşdur.
Akademiyanın yaradılmasının növbəti ildönümünə təsadüf etmiş konfransa Türkiyə, Özbəkistan, Malayziya, Qazaxıstan, İsveç, Portuqaliya, Yaponiya, habelə digər ölkələri təmsil edən ali ixtisaslaşmış təhsil müəssisələrinin rəhbərləri, alimlər, ekspertlər, BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatları təmsil edən nümayəndələr qatılıb.
Ümumən tədbirdə 20 ölkədən və 10 beynəlxalq təşkilatdan elm və təhsil sahəsində 40-dan çox xarici ekspert, o cümlədən sahə üzrə qurumların rəhbər və mütəxəssisləri iştirak ediblər.
Tədbir plenar iclasında “Prokurorların peşə hazırlığı: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda Mübariz Əhmədovun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Özbəkistanın Səmərqənd şəhərində davam edən konfransın ikinci günündə “Cinayətkarlığın profilaktikası və qarşısının alınması məsələləri: qabaqcıl təcrübələrin mübadiləsi və əməkdaşlıq perspektivləri” mövzusunda tematik sessiya keçirilib.
Müzakirələr zamanı iştirakçılar sessiyanın gündəliyində duran məsələləri müzakirə edib və gələcəkdə ekspert birliyi tərəfindən baxılması üçün prioritet məsələlər müəyyən ediblər.
Konfransın nəticələrinə əsasən hüquq-mühafizə sahəsində elmi və tədris potensialının artırılması, məsul qurumların fəaliyyətində insan hüquqlarının təmin edilməsi, antikorrupsiya standartlarının tətbiqi, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, aktivlərin geri qaytarılması, idarələrarası və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üzrə praktiki tövsiyələr qəbul edilib.