Moskva Dövlət Hüquq Universitetində keçirilmiş beynəlxalq dəyirmi masada Elm-Tədris Mərkəzinin əməkdaşı iştirak edib.
Prokurorluq orqanlarında peşə hazırlığının təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə digər ölkələrin hüquq üzrə ali və ixtisaslaşmış təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.
Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyası O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin dəvətinə əsasən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalov 27 oktyabr 2023-cü il tarixdə Moskva şəhərində keçirilmiş “İqtisadi sahədə cinayətlər: Rusiya və beynəlxalq təcrübə” mövzusunda XV Beynəlxalq dəyirmi masada iştirak etmişdir.
Dəyirmi masa Moskva Dövlət Hüquq Universitetində təşkil olunaraq, tədbirə yerli dövlət, habelə hüquq mühafizə orqanlarının, vəkillər palatasının, ali və hüquq sahəsində ixtisaslaşmış təhsil müəssisələrinin nümayəndələri qoşulmuşlar.
Tədbiri Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru Yerşova İnna Vladimirovna açıq elan etdikdən sonra Moskva vəkillər palatasının prezidenti Zubkov Sergey Borisoviç, Universitetin Cinayət hüququ kafedrasının rəhbəri Zvecarovski İqor Eduardoviç və dəyirmi masaya dəvət olunmuş xarici və yerli qonaqlar çıxış etmişlər.
Dəyirmi masa iştirakçıları öz məruzələrində istintaq sahələrində tətbiq edilən yeni üsul, metod və texnologiyalar barədə geniş məlumatlar vermiş, qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmüşlər.
Ramin Camalovun dəyirmi masa zamanı rus dilində “Vergi cinayətlərinə görə məsuliyyətə cəlb olunma zamanı yaranan problemlər” mövzusunda etdiyi çıxışı eyni zamanda həmin Universitetin “Cinayət hüququ: XXI əsrdə inkişafı və strategiyası” adlı elmi-praktiki jurnalında dərc edilmişdir.
Tədbirin sonunda səslənmiş fikirlər ətrafında dəyirmi masa iştirakçıları tərəfindən müzakirələr aparılmış, tədbirin ümumi nəticələri qiymətləndirilmişdir. Səfərin yekununda qərara alınmışdır ki, bir sıra aktual mövzular üzrə birgə tədris tədbirlərinin təşkili istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilsin.