Elm-Tədris Mərkəzinin əməkdaşı Belçika Krallığına və Polşa Respublikasına təşkil olunmuş tədris turunda iştirak edib.
2023-cü ilin oktyabr ayının 16 – 20 tarixlərində Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı tvinninq layihəsi çərçivəsində Belçika Krallığına və Polşa Respublikasına tədris turu təşkil edilib.
Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvü kimi bu turda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev iştirak edib.
Belçika Krallığının Cinayət Aktivlərinin Həbs və Müsadirəsi üzrə Mərkəzi Ofisində (COSC) keçirilmiş görüşlərdə korrupsiya, maliyyə və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərdən əldə edilən aktivlərin müəyyən edilməsi mexanizmi, üzərinə həbs qoyulması, zəruri olduqda vəziyyətinin yaxşılaşdırılması, satılması və ya başqa cür idarə olunması, bərpası, müsadirə alətləri və digər mövzularda təqdimatlar edilməklə müzakirələr aparılıb, həmçinin nümayəndə heyəti əyani olaraq Belçika Krallığının Ədalət Sarayında qeyd edilən kateqoriya cinayətlər üzrə xüsusi müsadirəyə dair məhkəmə iclasında iştirak edib.
Həmçinin nümayəndə heyəti əmlakların bərpası və idarə edilməsi sahəsində Polşa Respublikasının Baş Prokurorluğunun, Mərkəzi Anti-korrupsiya bürosunun və Milli Polisinin təcrübəsi ilə tanış olub.