Mərkəzin əməkdaşları “Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi üzrə təlimdə iştirak ediblər.
Maliyyə istintaqının aparılmasına dair bilik və bacarıqların artırılması istiqamətində işlər davam etdirilir. Litva Respublikasının Xüsusi istintaq xidmətinin tərəfdaşlığı ilə həyata keçirilən Baş Prokurorluğun benefisiar olduğu “Azərbaycanda əmlakın bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin 4-cü komponentinin “Təlimçilərin təlimi” adlı alt bəndi çərçivəsində 5 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixədək təlim keçirilmişdir.
Elm-Tədris Mərkəzinin məşğələlər auditoriyasında baş tutmuş “Təlimçilərin təlimi” tədbirində digər prokurorluq əməkdaşları ilə yanaşı, Mərkəzin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Sarıtel Əliyeva iştirak etmişlər.
Təlimdə “Əmlakların bərpası və idarə edilməsi üzrə qanunvericilik bazası”, “Genişləndirilmiş müsadirə, cinayət təqibindən kənar müsadirə, xüsusi müsadirə, əmlakın müəyyən edilməsi, sübutu və müsadirəsi”, “İstintaq tədbirləri vasitəsilə əmlakların (o cümlədən kriptovalyutalar, yeni ödəniş üsulları və sair) identifikasiyası, izlənməsi və bərpası sahəsində nəzəri biliklər və praktiki bacarıqlar”, “Uğurlu istintaqın təmin edilməsi üçün əmlakların müsadirəsi və dondurulması üsulları və qabaqcıl təcrübələr”, “Müsadirə işləri üzrə məhkəmə qərarlarının icrası”, “Əmlakların bərpasında milli və beynəlxalq əməkdaşlığın (ƏBİ, Əİİ, CARİN və digər təşkilatlar) həyata keçirilməsi və icrası üçün praktiki alətlər”, “Maliyyə istintaqları və əmlakların bərpası”, “Beynəlxalq norma və prinsiplərə uyğun olaraq əmlakların bərpası ilə bağlı işlərdə müxtəlif kateqoriyalı əmlakın qiymətləndirilməsinin metodları və üsulları”, “Effektiv Qarşılıqlı Hüquqi Yardım prosesinin təmin edilməsi”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi üçün istintaq və digər qurumlarla əməkdaşlığa dair qabaqcıl təcrübələr”, “Müsadirə edilmiş və üzərinə həbs qoyulmuş əmlakın saxlanılmasının mühafizəsinin, idarə olunmasının, satışının, təkrar istifadəsinin və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinin təşkili”, “Əmlakların uçotu üçün elektron məlumat bazasının idarə edilməsi” və sair mövzuları əhatə edən məruzələr dinlənilmişdir.
Eyni zamanda, təlimdə deyilmiş məruzələri əhatə edən mövzular üzrə müzakirələr aparılmış və kazuslar həll edilmişdir.
Tədbirin sonunda təlimin dinləyicilərinə müvafiq sertifikatlar təqdim edilmişdir.