Moldova Baş Prokurorluğunun nümayəndə heyəti Mərkəzin fəaliyyəti barədə məlumatlandırılıb.
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Moldova Respublikasının Baş prokuroru vəzifəsini icra edən İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
Digər tədbirlərlə yanaşı, Moldova Baş Prokurorluğunun əməkdaşları 2023-cü ilin iyul ayının 27-də Baş Prokurorluğun inzibati binalar kompleksində olarkən, Elm-Tədris Mərkəzinin təyinatı, imkanları və texniki təchizatı ilə tanış olublar.
Həmçinin Azərbaycan Prokurorluğunun fəaliyyətini əks etdirən Mərkəzin Stratejı planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərovanın keçirtdiyi təqdimat qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Eyni zamanda Moldova Baş Prokurorluğunun əməkdaşları Mərkəzin rəisi Mübariz Əhmədovun müşayiəti ilə Baş Prokurorluğun inzibati binalar kompleksində yerləşən kitabxana, konfrans zalı, tədris auditoriyaları və kompleksin digər imkanların ilə tanış olublar.
Sonda xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəkili çəkilib.