Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Macarıstan Respublikası Baş Prokurorluğunun Avropa və Beynəlxalq əlaqələr idarəsi arasında ikitərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Prokurorluq orqanları tərəfindən tədrisin təşkili sahəsində mövcud beynəlxalq əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.
Ötən ilin dekabr ayında imzalanmış Ədalət Mühakiməsi Tədrisi üzrə Türk dövlətləri Şəbəkəsinin təsis edilməsi haqqında Anlaşma Memorandumu çərçivəsində Şəbəkəyə üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
Belə ki, Şəbəkədə müşahidəçi qismində təmsil olunan Macarıstan Respublikası Baş Prokurorluğunun nümayəndələri ilə danışıqlar aparılmış və nəticədə həmin qurumun prokurorluq işçilərinin ixtisasartırılması işində aparıcı rol oynayan Avropa və Beynəlxalq əlaqələr idarəsi ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması qərara alınmaqla, bu məqsədlə cari il iyulun 24-də hər iki qurumun nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib.
Onlayn görüşdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev, Elmi-tədqiqat işinin təşkili şöbəsinin rəisi Ramin Camalov və şəbənin böyük prokuroru Nigar Əskərova iştirak edib.
Görüşün nəticələrinə uyğun olaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Macarıstan Respublikası Baş Prokurorluğunun Avropa və Beynəlxalq əlaqələr idarəsi arasında ikitərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandum hər iki quruma geniş əməkdaşlıq imkanları açmaqla, birgə təlim proqramlarının hazırlanması, hüquq elminin və təcrübəsinin aktual məsələləri üzrə qarşılıqlı məsləhətləşmələrin aparılmasını, birgə elmi araşdırmaların təşkili və aparılması üçün tərəfdaşlıq tədbirlərini nəzərdə tutur.
Eyni zamanda, memorandum əməkdaşlıq əlaqələrinin inkişafı coğrafiyasında Avropa məkanında fəaliyyət göstərən nüfuzlu təsisatlarla əlaqələr baxımından xüsusi önəm kəsb edir.