Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ilə təcrübə mübadiləsi aparılıb.
Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında 12 yanvar 2021-ci il tarixdə Moskva şəhərində imzalanmış “2021 – 2023-cü illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizə işgüzar səfərdə olub.
Səfər çərçivəsində 2023-cü ilin iyun ayının 15-də nümayəndə heyəti ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilmiş görüş zamanı prokurorluqlarımız arasında əlaqələrin yüksək səviyyədə olması məmnunluqla ifadə olunaraq seminar zamanı müzakirə ediləcək mövzuların aktuallığı vurğulanıb.
Həmçinin, görüş zamanı Azərbaycan Respublikasının qanunvericiliyində edilən dəyişikliklərə əsasən, şəxsi, kommersiya və digər məlumatların qanunsuz yayılmasına görə həm inzibati, həm də cinayət məsuliyyətinin nəzərdə tutulması, bu kimi hüquqpozmalara görə sərt cəzaların tətbiq edildiyi barədə ətraflı məlumat verilib.
Rusiya Baş Prokurorluğunun nümayəndələri yüksək qonaqpərvərliyə və səmimi qəbula görə Baş Prokurorluğun rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağı qeyd olunub, elektron sübutlarla bağlı Rusiya prokurorluğunun son nailiyyətlərindən məlumat verilərək bu sahədə birgə elmi tədqiqatın aparılması təklif edilib.
Daha sonra Əməkdaşlıq Proqramı çərçivəsində ekoloji cinayətlər, insan alveri, zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi, inzibati təqibin və hökmün tanınmasının beynəlxalq hüquqi əsasları adlı mövzulara həsr olunmuş seminar keçirilərək faydalı təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Zəfər muzeyi ilə tanış olub.