Baş Prokurorluqda Avropa İttifaqının dəstəyi ilə baş tutan Tvinninq layihəsi çərçivəsində seminar keçirilmişdir

Martın 3-də Baş Prokurorluğun yeni inzibati binasında Avropa İttifaqının dəstəyi ilə keçirilən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi çərçivəsində maraqlı tərəfləri hazırlanmış layihələrlə məlumatlandırma və fikir mübadiləsinə həsr olunmuş “Maraqlı tərəflərlə əlaqələndirmə seminarı” keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, hakimlər, hüquq mühafizə orqanlarının və digər dövlət qurumlarının, eləcə də Vəkillər Kollegiyasının nümayəndələri, Avropa İttifaqının Azərbaycandaki Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov, Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkus və həmin ölkədən olan ekspertlər, Baş Prokurorluğun idarə və şöbələrinin əməkdaşları iştirak etmişlər.
Tədbiri açılış nitqi ilə açan Baş prokurorun müavini Elmar Camalov Baş Prokurorluq tərəfindən əmlakların bərpası və idarə edilməsi sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verildiyini və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin hüquq sistemində tətbiqi istiqamətində önəmli addımlar atıldığını bildirmişdir. 
Avropa İttifaqının Azərbaycandaki nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planları barədə məlumat vermişdir
Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin direktoru, eyni zamanda tərəfdaş ölkənin layihə rəhbəri cənab Jidrunas Bartkus ölkəmizdə aktivlərin bərpası və  idarə olunması sisteminin təkmilləşdirilməsi üçün  Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsi nəzərə alınaraq bir sıra layihələrin hazırlandığını qeyd etmişdir.
Daha sonra Tvinninq ekspertləri tərəfindən prokurorluq əməkdaşları ilə birgə hazırlamış Aktivlərin bərpası və idarə edilməsi üzrə Milli Strategiya və Fəaliyyət Planı, cinayət aktivlərinin bərpası üzrə ayrıca qanun layihəsi, genişləndirilmiş və mülki müsadirə, habelə müxtəlif qanunvericilik aktlarına  dəyişikliklərə dair irəli sürülmüş təklifləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Tədbirə Elm-Tədris Mərkəzindən rəis müavini Talıb Cəfərov və şöbənin böyük prokuroru Nigar Əskərova qatılmışdır. Seminar çərçivəsində maraqlı tərəflərlə təqdim olunan yeni layihələr barədə fikir mübadiləsi aparılmışdır.